Liviyanın paytaxtı Tripoli şəhərinə daxil olan üsyançılar Müəmmər Qəddafinin iqamətgahına yaxınlaşıblar.
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Qəddafinin iqamətgahının yerləşdiyi Bab əl-Əziziyyə məhəlləsindən atəş səsləri gəlir. Diktatorun özünün harada olduğu bəlli deyil. “Reuters” iqamətgahın ərazisindən çıxan 3 tankın üsyançılara atəş açdığını xəbər verib.
Xatırladaq ki, üsyançıların paytaxta hücumu avqustun 20-nə keçən gecə başlayıb. Onlar paytaxt ətrafındakı bir neçə şəhəri ələ keçirərək Tripolini faktiki olaraq mühasirəyə alıblar. Üsyançılara NATO fəal dəstək verir. Avqustun 22-nə keçən gecə üsyançılar Tripolinin demək olar ki, bütün məhəllələrinin ələ keçiriblər. “Reuters”in xəbərinə görə, Qəddafi tərəfdarları şəhərin cəmi 20%-nə nəzarət edir. Ölənlərin sayının 1300 olduğu bildirilir. Üsyançılar diktatorun oğulları Məhəmməd və Seyfülislamı yaxalayıblar.