"Tələbələrin və şagirdlərin hicabla təhsil müəssisələrinə gəlməsinin qadağan edilməsi qətiyyən insan hüquqlarının pozulması demək deyil". APA-nın məlumatına görə, bunu parlamentin İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova son vaxtlar hicablı tələbələrin dərslərə buraxılmaması ilə bağlı yaranmış vəziyyətə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər bir təhsil mərkəzinin daxili qaydaları var və bu qaydalara riayət etmək lazımdır. İnsan hüquqlarının çox geniş anlam olduğunu bildirən komissiya sədrinin fikrincə, insan hüququ adı ilə alver etmək düzgün deyil: "İnsan hüquqları o zaman pozulardı ki, həmin insanların dini etiqad azadlığı məhdudlaşdırılaydı, onların ibadət etməsinə problemlər, məhdudiyyət yaranaydı. Hər hansı tələbə dini təhsil alırsa, bu zaman o dini atributlardan, geyimlərdən istifadə edə bilər. Yox, əgər dünyəvi təhsil alırsa, həmin müəssisənin qayda qanunlarına riayət etməlidir".