Oxucu sual verir: Risalədə təyəmmüm hökmləri ilə bağlı yazılıb ki, dəstəmaz və qüsl üçün su tapmayan şəxs dörd cəhət istiqamətində ən azı iki ox uçuşu qədər məsafə gedib su axtarmalıdır. Burada ox uçuşu məsafəsi müasir hesabla nə qədərdir?
Dəstəmaz və qüsl üçün su tapmayan şəxs o zaman təyəmmümlə namaz qıla bilər ki, kifayət qədər məsafə qət edib su axtarsın, amma tapa bilməsin. Düzənlik yerdə insan dörd istiqamətə doğru ən azı iki ox uçuşu qədər məsafə getməklə su axtarmalıdır. Dərə-təpə və ağaclıqla örtülmüş məntəqədə bu məsafə bir ox uçuşu qədər olsa kifayətdir. Ox uçuşunun müasir hesabla nə qədər məsafəyə uyğun olması barədə fikirlər müxtəlifdir. Məlumatları ümumiləşdirərək söyləmək olar ki, ox uçuşu üçün maksimal məsafə 480 dirsəkdir. Şəriətdə istifadə edilən dirsək ölçüsünün təqribən 46 sm. olduğunu nəzərə alsaq, bir ox uçuşu məsafəsi 220 metrə bərabər olar. Beləliklə, düzənlik yerdə hər istəqamətə doğru təqribən 440 m., dərə-təpə yerdə isə 220 m. əhatədə su axtarmaq kifayət edər.