Oxucu sual verir: Kəbin kəsildikdən sonra kişi öyrənib bilir ki, evləndiyi qadın sonsuz imiş. Bu halda kəbini pozmağa icazə verilirmi?
Şəriətə görə, bəzi hallarda kişi və ya qadın qarşı tərəfdə bəzi ciddi eyib və nöqsanların olduğunu bilsə, kəbini poza bilər. Bu zaman talaq oxumağa da ehtiyac yoxdur. Bu halların bir çoxunda kəbin pozulsa, arada cinsi yaxınlıq olmayıbsa, kişi mehriyyəni verməyə borclu deyil, amma yaxınlıq baş veribsə, mehriyyə ödəməlidir (burada bəzi istisnalar var və bunlar şəriət kitablarında göstərilib). Amma qadının sonsuz olması və dünyaya uşaq gətirə bilməməsi bu hallara aid deyil. Sonsuzluq qadın üçün nöqsan sayılsa da, kəbinin talaqsız şəkildə boşanmasına səbəb olmaz. Əlbəttə, kişi qadına talaq vermək hüququna malikdir və bu zaman qadının hüquqları şəriətlə tənzimlənir.