Oxucu sual verir: Təkfir nədir?
Ərəb dilindən tərcümədə təkfir bir insanı kafirlikdə ittiham etmək deməkdir. Çox təəssüf ki, bu gün bəzi radikal qüvvələr onların əqidəsini bölüşməyən, onlar kimi düşünməyən hər kəsi küfrdə təqsirləndirir. Bəzən bir məzhəb ardıcılının başqa bir məzhəb mənsubuna müşrik və ya kafir dediyinin şahidi oluruq. Halbuki, bu cür davranış İslam qanunlarının əleyhinədir. İslam Peyğəmbəri heç kimi təhqir edib alçaltmaz, lənət oxumazdı. O həzrətin aşağı¬dakı hədisləri də deyilənlərə sübutdur: “Müsəlmanı söymək günahdır, onunla (haqsız yerə) savaşmaq isə küfrdür”. “Əgər bir nəfər başqasını günahkar və ya kafir deyə təqsirləndirsə, amma bu xüsusiyyət əslində o adamda olmasa, həmin söz onu söyləyən adamın özünə qayıdar”. “Ünsiyyətdə olan iki müsəlmanla Allahın arasında mütləq pərdə (yəni abır-həya pərdəsi) olar. Bunlardan biri o birinə yaramaz söz söyləsə, aradakı pərdə yırtılar. Əgər onlardan biri o birinə: “ey kafir” deyə müraciət etsə, ikisindən biri kafirdir”. (Yəni əgər kafir deyilən adam həqiqətən küfr etmişsə, bu ada layiq olar. Əgər küfr etməyibsə və böhtanın qurbanıdırsa, ona kafir deyən adamın özü kafir olar).