Oxucu sual verir: Milçək, ağcaqanad, qarışqa, arı kimi həşəratları öldürmək olarmı?
Dinimizdə heç bir canlını səbəb olmadan öldürməyə icazə verilmir. Başqa canlıları ya qida məqsədilə (ov halında), ya təhlükəni dəf etmək üçün (yırtıcı və zərərli heyvanlar), ya da ziyanın (xəstəlik, mal itkisi və s.) qarşısını almaq üçün öldürməyə icazə verilir. Milçək, ağcaqanad, qarışqa, arı kimi həşəratları da heç bir səbəb olmadan öldürmək olmaz. Nəzərdən qaçırmayaq ki, bu həşəratlar təbiətə bizim bildiyimiz və bilmədiyimiz şəkildə fayda verirlər və onların bir növünün olmaması və yaxud sayının azalması təbii fəlakətlərə gətirib-çıxarar. Bu cür həşəratları qovlamaq mümkündürsə, onları uzaqlaşdırıb ziyanı aradan qaldırmaq lazımdır. Məsələn, evdən çölə çıxarmaq, arada maneə yaratmaq və s. Əgər uzaqlaşdırmaq mümkün deyilsə, həşəratlar ciddi şəkildə ziyan yetirirlərsə və ya narahatçılıq törədirlərsə, onları öldürmək icazəlidir.