Oxucu sual verir: Bəzi dindarlar dindar olmayan, namaz qılmayan qohum və dostlarla kobud davranırlar. Bu münasibət düzgündürmü?
İslam sülh, mehribanlıq və sayğı dinidir. Müsəlmanlar bir bədənin üzvləri kimidirlər, bir-biri ilə qırılmaz rabitədə olmalıdırlar. Dinimiz başqasını təhqir etməyi, aşağılamağı qəti surətdə qadağan edir. Hətta dindar olmayan, yəni dini ayinləri icra etməyən, məişətdə dini qaydaları gözləməyən şəxslərlə də kobudluq etmək olmaz. Dindar olmayan qohumlarla da fərq qoymadan əlaqə saxlamaq təkid edilir, buna “sileyi-rəhim” deyilir. Əsil mömin şəxs öz rəftarı və davranışı ilə başqalarına nümunə olmalı, qeyri-dindarları dinə təşviq etməlidir. Dinə təşviq o zaman mümkün olar ki, arada rabitə yaransın və dinin gözəlliklərini tanıtdırmaq imkanı olsun. Çox zaman isti münasibət, mehribanlıq qarşı tərəfin islah olmasına, haqqa gəlməsinə səbəb olur. Əksinə, kobudluq, soyuqluq və inciklik isə kin-küdurəti çoxaldır, günahkarların inadının daha da artmasına gətirib-çıxarır. Əlbəttə, bəzi hallarda tənbeh məqsədilə münasibətlərdə müəyyən soyuqluq yaratmaq da icazəlidir, amma bunun yerini və dərəcəsini düzgün bilmək lazımdır.