Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslər – Rufulla Axundzadə, Firdovsi Məmmədrzayev və Dəyanət Səmədov ifadə veriblər. Onlar özlərini təqsirli bilmədiklərini deyiblər.
Proses avqustun 22-də davam etdiriləcək.
Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlara Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham elan olunub.