Şəriətə görə, insan cənabət qüslü almışdırsa, qüslü pozulmayınca namaz qılmaq üçün dəstəmaz alması lazım deyil.
Yəni cənabət qüslü ilə namaz qılması nəinki icazəlidir, hətta belə etməsi lazımdır və dəstəmaz almamalıdır. Bu hökm qüsl əvəzinə təyəmmümə də şamildir. Əgər insan müəyyən üzürlü səbəb üzündən cənabət qüslü ala bilmirsə (məsələn, yuyunmaq ona ziyandırsa), o halda namaz üçün qüsl əvəzinə təyəmmüm etməlidir. Təyəmmüm pozulmayınca və qüslə mane olan üzürlü səbəb aradan qalxmayınca həmin təyəmmümlə namaz qılmalıdır və dəstəmaz alması lazım deyil. Paklığı pozulandan sonra isə növbəti namazlar üçün dəstəmaz almalıdır, bundan əlavə, təyəmmüm etməsi də müstəhəbdir (vacib deyil). Əgər dəstəmaz ala bilmirsə təyəmmüm etməlidir.