Oxucu sual verir: Maliki məzhəbinin banisi Malik ibn Ənəs məşhur səhabə Ənəs ibn Malikin nəslindəndirmi?
Məşhur səhabə Ənəs ibn Malik (612-712) Yəsribin (Mədinənin) Xəzrəc qəbiləsindən idi, hicrətdən təqribən 10 il əvvəl doğulmuşdu. Anası Ümmi-Süleym Yəsribin iman gətirmiş ilk sakinlərindən idi. Peyğəmbər Yəsribə köçdükdən dərhal sonra Ümmi-Süleym 10 yaşlı Ənəsi o həzrətin yanına gətirib xahiş etdi ki, oğlunu xidmətçiliyə qəbul etsin. O gündən başlayaraq Ənəs Peyğəmbərin xidmətində durdu. Ənəs ibn Malik ən uzun ömür yaşamış, ən gec vəfat etmiş və ən çox övlad sahibi olmuş səhabələrdən sayılır.
Maliki məzhəbinin banisi Malik ibn Ənəsin bu səhabə ilə qohumluğu olmamışdır. Malik ibn Ənəs ibn Malik ibn Əbu Amir əslən Yəməndən idi. Babası Yəmən hakiminin zülmündən Mədinəyə köçmüş və Qüreyşə mənsub Bəni-Teym qəbiləsi ilə qohum olmuşdu. Malik ibn Ənəsi kitablarda “Əsbəhi” və “Himyəri” nisbələri ilə qeyd edirlər. Onun atasının babası Əbu Amir səhabə olmuşdur, babası Malik ibn Əbu Amir isə tabiindən sayılırdı. Malik ibn Ənəs 711-cü ildə (Ənəsin vəfatından bir il əvvəl) Mədinədə doğulmuş, 795-ci ildə dünyasını dəyişmişdir.