Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya rejiminə sonuncu xəbərdarlıq edib.
APA-nın məlumatına görə, XİN başçısı Bəşər Əsədi dinc insanlara qarşı əməliyyatları dayandırmağa çağırıb: "Əgər əməliyyatlar dayandırılmasa, bundan sonra atılacaq addımlarla bağlı müzakirə edəcək heç nə qalmayacaq. Son sözüm budur". Dünən baş nazir Ərdoğanın rəhbərliyi ilə keçirilən hökumət toplantısında Suriyada baş verən proseslər bir daha müzakirə olunub. Əhməd Davudoğlu Əsədin BƏƏS rejimi qarşısında söz sahibi olmadığını, ona son dəfə xəbərdarlıq edilməsinin vacib olduğunu bildirib. Toplantıda Davudoğlunun Dəməşqə səfərindən sonra Suriya ordusunun dinc sakinlərə qarşı əməliyyatları davam etdirməsi faktına diqqət yetirilib.
Qeyd edək ki, Suriyanın liman şəhəri Lazkiyənin döyüş gəmilərindən atəşə tutulması nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. "Əl-Cəzirə" telekanalı ordunun Humus şəhərində kütləvi həbslərə başladığını bildirir.