Oxucu sual verir: Camaat namazına gecikmiş adam namazın ən gec hansı hissəsində camaata qoşula bilər?
Camaat namazı təklikdə qılınan namazlara nisbətən xeyli çox savaba malikdir. Ona görə də hətta camaat namazının əvvəlinə çatmayan adam namazın ortasında camaata qoşulsa savabdır. Camaat namazının istənilən hissəsində namaza qoşulmaq olar. Bunun məqamları və hökmləri risalələrdə ətraflı qeyd olunub. Camaat namazına qoşulmağın ən gec zamanı namazın axırıncı rükətinin təşəhhüdüdür. Axırıncı rükətin təşəhhüdündə camaat namazına qatılan adam gərək niyyət etsin ki, filankəsə iqtida edərək camaatla filan namazı qılır. Sonra təkbirətül-ehramı söyləsin. Sonra diz üstə əyləşsin. Əgər imam-camaatın təşəhhüdünə çatıbsa, o da qürbət qəsdi ilə təşəhhüd söyləsin. Yəni niyyət etsin ki, təşəhhüdü savab qazanmaq və Allaha yaxın olmaq ümidi ilə oxuyur, bunu namazının vacib hissəsi kimi hesab etməsin. İmam-camaat salamları deyəndə o, sakit otursun və heç nə söyləməsin. İmam-camaat salamları söyləyib bitirəndən sonra adam ayağa qalxıb Fatihəni oxumağa başlasın və bunu namazın birinci rükəti kimi hesablasın. Namazını adi qaydada qılıb bitirsin.