İkinci imam Həzrət Həsən əleyhissalam Həzrət Mühəmməd Peyğəmbərin (s) ilk nəvəsi, Həzrət Əli ilə Həzrət Fatimənin ilk övladıdır. Onun ən məşhur ləqəbləri Müctəba, Zəki və Təqidir.
İmam Həsən (ə) zahiri görünüşcə Peyğəmbərə ən çox bənzəyən, əxlaq baxımından isə öz zəmanəsində ən səbrli və yumşaq xasiyyətli şəxs olmuşdur.
O, hicrətin üçüncü ili ramazan ayının 15-də (miladi 625-ci il) Mədinədə doğuldu. İslam Peyğəmbərinin məhəbbət kölgəsi altında böyüdü və ömrünün ilk yeddi ilini Peyğəmbərin əhatəsində keçirdi. Atası Əlinin (ə) ən yaxın və inanılmış müşavirlərindən olan İmam Həsən təxribatçı qüvvələrə qarşı mübarizədə Ona fəal yardım göstərdi.
Hicri 40-cı ildə Həzrət Əli (ə) şəhid olduqdan sonra 37 yaşlı Həsən imamət məqamını Allahın əmri ilə qəbul edib, müsəlmanların dini rəhbəri oldu. On illik imaməti dövründə İmam Həsənin (ə) başı çox müsibətlər çəkdi. Hakimiyyət davası edən Müaviyə ilə döyüşməyə tədarük görsə də, pula satılmış tərəfdarları ona xəyanət etdilər və düşmənin qarşısında tək qoydular. Əhli-beytin dostlarının həyatını xilas etmək və təhlükəni uzaqlaşdırmaq məqsədi ilə İmam Həsən (ə) Müaviyə ilə müəyyən şərtlər daxilində sülh bağladı. Sülhnamədə deyilirdi ki, Müaviyə öz hakimiyyəti dövründə Qurana və peyğəmbər sünnəsinə əsaslanacaq, zülm və ədalətsizlik törətməyəcək, Həzrət Əlinin tərəfində vuruşub şəhid olan şəxslərin ailələrinə təqaüd verəcək və özündən sonra xilafətə heç kimi təyin etməyəcək. Lakin az sonra hiyləgər Müaviyə müqavilənin bütün şərtlərini pozdu. Bununla kifayətlənməyərək, təhlükəli hesab etdiyi İmam Həsənı (ə) aradan götürmək üçün yollar axtarmağa başladı.
Nəhayət, hijri 50-ci il səfər ayının 28-də (miladi 670-ci il) İmam Həsən (ə) Müaviyənin əmri ilə zəhərlədilib şəhid edildi. İmamı öz babası Mühəmməd Peyğəmbərin (s) qəbrinin yanında dəfn etmək istəyirdilər. Lakin imama düşmən olan qüvvələr buna da mane oldular. Ona görə də o həzrəti Mədinədəki Bəqi qəbristanlığında torpağa tapşırdılar.
İmam Həsən əleyhissalamın qiymətli sözlərindən nümunələr:
"Bir iş görərkən məşvərət edən camaat mütləq doğru yolu tapar".
"Əsil namərdlik odur ki, nemətə görə şükr etməyəsən".
"Bir adamla yalnız ondan sonra qardaşlıq et ki, hara gedib-gəldiyini, məşğuliyyətini biləsən. Yalnız yaxından tanıyandan və xasiyyətini bəyəndikdən sonra onunla bu şərtlə dostluq et ki, səhvi bağışlaya bilsin və dar gündə dərdə şərik olsun".