Oxucu sual verir: Bəziləri deyir ki, Nəsirəddin Tusi monqolları Bağdad şəhərinə hücum etməyə yönləndirib və on minlərlə günahsız insanın qanına bais olub. Bu sözlər doğrudurmu?
Bu cür iddialar Nəsirəddin Tusiyə və onun mənsub olduğu cəfəri məzhəbinə düşmən münasibət bəsləyən radikal qüvvələr tərəfindən irəli sürülür. Onlar iddia edirlər ki, guya Tusi monqol hökmdarı Hülaku xanı Bağdad üzərinə hücum etməyə həvəsləndirmiş, sonuncu Abbasi xəlifəsinin qətlinə bais olmuşdur. Əslində isə əvvəla, Nəsirəddin Tusi humanizm ideyalarını müdafiə edən, dini əxlaqa sahib olan bir şəxs olmuşdur. Monqol qoşununun hücum etdiyi hər bir şəhərdə, o cümlədən, Bağdadda Nəsirəddin Tusi imkanı çatdığı qədər qırğınların qarşısını almağa çalışmış, xüsusilə, alimləri, elm mərkəzlərini, kitabxanaları var gücü ilə qorumuşdur. İkincisi, Bağdad şəhərini ələ keçirmək Hülakunun əsas məqsədlərindən biri idi. Hülakunun qardaşı, böyük monqol xanı Mengi xaqan onu nəhəng ordu ilə göndərmişdi ki, bütün müsəlman məmləkətlərini işğal etsin. Hülakunun Abbasi xilafətinin paytaxtı olan Bağdada hücum etməyəcəyini yalnız sadəlövh və savadsız şəxslər düşünə bilərlər. Nəsirəddin Tusinin onu yönləndirməsinə heç bir ehtiyac yox idi. Bu məsələ barədə obyektiv və qərəzsiz mənbələrdə kifayət qədər məlumat vardır.