Azərbaycanın "Azersun Holding" Şirkətlər Qrupunun prezidenti Abdulbari Goozal şəxsi büdcəsindən Somalidə aclıq fəlakəti ilə üzləşmiş uşaqlar üçün 200 min ABŞ dolları dəyərində ərzaq yardımı ayırıb. Bu barədə APA-ya "Azersun Holding"un mətbuat xidmətinin rəhbəri Afiq Səfərov məlumat verib.
Şirkət nümayəndəsinin sözlərinə görə, yardım 10 min nəfərlikdir və hər biri 10 kiloqram olan paketlərdə qablaşdırılacaq. Hazırda göndəriləcək ərzaq yardımının paketləşdirilməsi prosesi gedir və yaxın günlərdə yardım karvanı Somaliyə yola salınacaq.
A. Səfərov yardımın şirkət prezidentinin şəxsi büdcəsindən edildiyini, paralel olaraq "Azersun Holding"də yardım kampaniyasının aparıldığını söyləyib.
Qeyd edək ki, Somalidəki vəziyyətlə yerində tanış olmaq və yardımları paylamaq üçün A. Goozal özü də Somaliyə gedəcək.