Orta məktəblərdə hicab qadağasının aradan qaldırılması istiqamətində ölkə başçısına "Yüzminlik müraciət" kampaniyası yekunlaşmaq üzrədir. Artıq məsələnin həlli üçün ölkə vətəndaşlarından toplanan imzaların sayı 130 000-i ötmüşdür. İmzatoplamanın son mərhələsinin yekunlaşması münasibətilə "Azərbaycan Media Mərkəzi"ndə İmzatoplama Komissiyasının yekun iclası keçirilmişdir
Genişləndirimiş tərkiblə baş tutan iclasda Komissiya üzvlərilə yanaşı, bəzi kampaniya fəalları, o cümlədən, kampaniyaya fəal dəstək olmuş insanlar da iştirak etmişdir. Qeyd olunmuşdur ki, toplanmış imzalar artıq ölkə başçısına təqdim edilməyə hazırdır və tezliklə onlar Prezident Administrasiyasına təqdim ediləcəkdir. İclasın işində iştirak edən DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri, "Mənəvi Saflığa Dəvət" İB-nin sədri Hacı Elşən Mustafaoğlu, Bülbülə ruhanilərindən Hacı Mir Mehdi Hüseyni, Sumqayıt ilahiyyatçılarından Hacı Füzuli Şəfiyev çıxış etmiş,DEVAMM fəalları Humay Hacıyeva, Hacı Nəcəf Allahverdiyev, Günel Hüseynli, Leyla Abbasova, Bikə Əzimova, Sadə Qurbanova və digərləri kampaniya haqqında fikirlərini və xeyir-dualarını bölüşmüşlər. Çıxışçılar tərəfindən bu imzaların dövlət başçısı tərəfindən müsbət qarşılanaraq, məsələnin həlli istiqamətində həlledici addım atılacağına böyük inam və ümid ifadə olunmuşdur.