Azərbaycanın müstəqilliyinin 20 illiyi çərçivəsində İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Salah Əlcəfəravinin (əvvəllər İSESCO-un Avropa və Amerika üzrə nümayəndəsi olub) iştirakı ilə Misirin ictimai-siyasi və mədəniyyət xadimlərinin, din adamlarının, işgüzar dairələrin və gənclərin iştirakı ilə Qahirədə "Azərbaycan günü" keçirilib.
APA-ya Azərbaycanın Misirdəki səfirliyindən verilən xəbərdə bildirilir ki, bu tədbir və ümumiyyətlə Azərbaycan ilə bağlı Misirin "Nil" peyk televiziya kanalı tərəfindən bir saatlıq veriliş yayımlayıb.
Azərbaycan günü"nə həsr olunmuş bir saatlıq verilişdə Səfir Ş.Abdullayev və Salah Əlcəfəravi çıxış ediblər və "Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər öz təəssüratlarını bölüşüblər.
Verilişdə çıxış edən Səfir Ş.Abdullayev Azərbaycanın müstəqillik tarixi, şərqin ilik demokratik respublikası olan ADR-in yaranması və tənəzzülü, 1991-ci ildə Azərbaycanın müstəqilliyini əldə etməsi və müstəqilliyinin ilk illərindən Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüz siyasəti və belə bir çətin vəziyyətdə Azərbaycan xalqının təkidi və israrlı xahişi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması və bununla da Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanması haqqında televiziya tamaşaçılarına məlumat verib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ətraflı danışan Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, etnik təmizləmə siyasəti və xüsusilə Xocalı faciəsi haqqında televiziya tamaşaçılarına məlumat verib.
S.Əlcəfaravi Azərbaycanın tarixən İslam mədəniyyətinin inkişafında mühüm rol oynadığını qeyd edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində İslam mədəniyyət abidələrinin məhv edilməsi kimi məsələlərə diqqəti çəkib.
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli tələbələr Azərbaycan xalqının yüksək mədəniyyətə, qonaqpərvərliyə və zəngin mədəni irsə malik olduğunu qeyd etmiş və Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi barəsində Misir gəncləri və ictimaiyyəti arasında məlumatlandırmanın artırılması işinə öz töhfələrini verəcəklərini və bu məqsədlə müxtəlif ictimai tədbirlər təşkil edəcəklərini bildiriblər.
"Azərbaycan günü" zamanı nümayiş olunan və Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalı faciəsi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti və prezident İlham Əliyevin rəhbərliyi altında müasir Azərbaycanın inkişafından bəhs edən sənədli film veriliş zamanı bir daha nümayiş etdirilib.