Oxucu sual verir: Ramazan ayında iftar vaxtı çatanda əvvəlcə iftar etmək daha yaxşıdır yoxsa axşam namazını qılmaq?
Əlbəttə, dinimizdə ən çox təkid olunan ibadət namazdır. Namazı da öz vaxtının əvvəlində qılmaq böyük savaba malikdir və üzrsüz yerə namazı təxirə salmaq bəyənilmir. Ona görə də şərait imkan verirsə, məğrib azanı veriləndən sonra namazı qılmaq, sonra iftar etmək daha yaxşıdır. Belə bir variant da mümkündür ki, azandan sonra su, çay və ya yüngül bir yeməklə iftar açılsın, sonra namaz qılınsın, bundan sonra əsas yemək yeyilsin. Bu, həm namazın ilk vaxtda qılınmasının ehtiramını qorumaq sayılar, həm də tibbi cəhətdən xeyirli olar. Çünki iftar zamanı mədəni yeməklə doldurmaq məsləhət deyil, fasilə ilə yemək yaxşıdır. Amma əgər iftar süfrəsi arxasında gözləyən varsa, bu halda məsləhətdir ki, adam əvvəlcə iftar süfrəsinə əyləşsin, sonra namazı qılsın.