Britaniya hökuməti bəyan edib ki, Qərbdə ilk islami istiqraz vərəqələrini buraxmağa hazırlaşır. Belə ki, maliyyə nazirliyinin nümayəndələri bu planı London şəhərindən olan ekspertlərlə müzakirə ediblər və artıq gələn ilin əvvəllərində istiqraz vərəqələrini buraxmaq niyyətindədirlər. Britaniyalı politoloqların sözlərinə görə, onlar istəyirlər ki, London "İslam maliyyəsinin qlobal mərkəzi"nə çevrilsin.
Son illərdə, xüsusilə, yüksək neft qiymətləri şəraitində Yaxın Şərqdən olan investorların hesabına qiymətli kağızların bu növünün populyarlığı artmışdır. Hal-hazırda islami istiqrazların bazarı illik 80 milyard ABŞ dolları həcmində dəyərləndirilir və bu rəqəm potensial olaraq 500 milyarda çata bilər.
Britaniya hökuməti bu bazardan qıraqda qalmaq istəmir. "Bu bazarın potensial üstünlükləri çoxdur" - deyə nazirliyin təmsilçisi Kitti Aşer bildirmişdir.
Nəzərə alsaq ki, İslam borc verilən pula görə faiz almağı qadağan edir, bir çox müsəlmanlar Qərb maliyyə məhsullarından faydalana bilmirlər. Xüsusi istiqrazlar faiz problemini həll edir və gəlir əldə etməyin fərqli sxemini təklif edir.
Dövlətə borc pul verib, bir müddət sonra faizi ilə geri alan adi istiqraz sahiblərindən fərqli olaraq, islami istiqrazlar müəyyən sahələri, məsələn, yollar, daşınmaz əmlak kimi sahələri əhatə edir. İslami istiqrazlara sahib olan kəs bu sahələrin bir hissəsinin sahibinə çevrilir və bundan gəlir əldə edir.