Oxucu sual verir: İmam Əlinin (ə) şəhid edilməsində rolu olmuş Qətamın aqibəti necə oldu?
Qətam (və ya Qətamə) bint Şicnə (və ya Əlqəmə) Kufədə yaşayırdı. Zahiri görünüşcə çox yaraşıqlı olduğu yazılır. Onun ailə üzvləri İmam Əliyə (ə) düşmən idilər və xəvaric əqidəsini daşıyırdılar. Qətamın atası və qardaşı Nəhrivan savaşında İmam Əlinin (ə) qoşunu tərəfindən öldürülmüşdü. Onların intiqamını almaq üçün çalışan Qətam Əbdürrəhman ibn Mülcəmi təhrik edir ki, İmamı qətlə yetirsin. Mükafat olaraq Əbdürəhmana ərə gedəcəyini vəd edir.
Əllamə Məclisi “Bihar əl-ənvar” kitabında (42-ci cild, səh. 298) yazır ki, İmam Əlinin (ə) şəhadətindən sonra Kufə camaatı Qətamın evinə hücum edib, onu qılıncla doğradılar, evini də dağıtdılar. Sonra Qətamın meyitini Kufədən kənara çıxarıb yandırdılar.