Oxucu sual verir: Qədr gecəsinin dəqiq hansı gecə olduğu niyə məlum deyil?
Bunu Allahın hikmətlərindən biri kimi qəbul etməliyik. Allah-Təala bəzi məsələləri insanlardan gizli saxlamışdır. Məsələn, duaların qəbul olduğu saatı, ən çox sevdiyi bəndəsini, ən çox razı qaldığı əməli və s. Səbəb bu ola bilər ki, insanlar savab əldə etmək üçün daha çox çalışsınlar və günahlardan uzaq olmaq üçün daha çox ehtiyatlı davransınlar. Məhz bu duanın qəbul olacağına ümid edərək, gün ərzində müxtəlif saatlarda dua etsinlər. Məhz qarşıdakı şəxsin sevimli Allah bəndəsi oduğunu düşünərək hər kəsə ehtiramla yanaşsınlar. Məhz bu əməlin ilahi razılığa səbəb olduğunu umaraq çoxlu savab işlər görsünlər və s.
Qədr gecəsinin də konkret olaraq bir yox, bir neçə gecədən biri kimi təqdim edilməsinin səbəbi bu ola bilər: Bəlkə də Allah bizim daha çox savab qazanmağımız üçün bir neçə gecə oyaq qalıb ibadət və dua etməyimizi istəyir.
Əbu Bəsir adlı səhabə Qədr gecəsinin 21-ci ya 23-cü gecə olduğunu israrla soruşanda İmam Mühəmməd Baqir (ə) ona belə cavab vermişdi: “Nə səbəb var ki, hər iki gecədə eyni əməlləri etməyəsən? Bir halda ki, bunlardan biri mütləq Qədr gecəsidir!” (Məcmə əl-bəyan təfsiri, 10-cu cild, səh. 460).