Oxucu sual verir: İmam Əlinin “Şiqşiqiyyə xütbəsi” nədən bəhs edir və bu adın mənası nədir?
Bu, “Nəhc əl-bəlağə”nin üçüncü xütbəsidir. Bu adla adlandırılmasının səbəbi xütbənin sonunda açıqlanır. İmam Əlinin (ə) sözünün ortasında İraq kəndlilərindən olan bir kişi ayağa qalxaraq ona məktub verdi. Həzrət məktubu oxumağa başladı. Oxuduqdan sonra İbn Abbas ona dedi: “Ey möminlərin əmiri! Kaş, sözünü kəsdiyin yerdən nitqinə davam edəydin”. İmam buyurdu: “Heyif! Ey İbn Abbas, bu, səslənib, sonra yenidən öz yerində duran dəvənin şiqşiqəsi idi”. Abdullah ibn Abbas dedi: “Allaha and olsun, mən heç bir sözün kəsilməsinə o həzrətin sözünün istədiyi yerə çatdırmadan kəsilməsi qədər kədərlənməmişdim”.
Şiqşiqə dəvənin həyəcanlanan zaman ağzından çıxan köpüyə oxşar mayedir. Onun mənası barədə başqa izahlar da mövcuddur. Ərəb dilinin zəngin leksikasında bu kəlmə məcazi anlamda həyəcan anında dilə gətirilən söz mənasını verir. Həyəcan ötdükdən sonra həmin əhval-ruhiyyə aradan getdiyi üçün söhbəti davam etdirmək mümkün olmur.
Şiqşiqiyyə xütbəsində İmam Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra xütbənin söyləndiyi zamana kimi baş vermiş prosesləri qısa şəkildə təhlil etmiş və dəyərləndirmişdir.