Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayevin, qohumu Dəyanət Səmədovun və partiya üzvü Zülfüqar Mikayılovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA-nın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər cinayət işinin yenidən ibtidai istintaqa qaytarılması, məhkəmə tərkibinə etirazla bağlı vəsatətlər qaldırıblar.
Məhkəmə vəsatətləri təmin etməyib və məhkəmə istintaqının başlanması barədə qərar qəbul olunub. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxslər özlərini elan olunan ittiham üzrə təqsirli bilmədiklərini deyiblər.
Prosesdə təqsirləndirilənlərin qohumları hakimlərlə bağlı etiraz şüarları səsləndiriblər və zalda qalmaqal yaranıb. Həmin şəxslər məhkəmə zalından çıxarılıblar.
Proses avqustun 11-də davam etdiriləcək.
Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunurlar.