Pakistanın müdafiə sənayesinin yeni ən böyük şirkətlərindən olan GİDS (Global Industrial & Defence Solutions) Azərbaycanla birgə layihə həyata keçirəcək.
Bu barədə APA-ya şirkətin marketinq şöbəsindən məlumat verilib.
Layihə çərçivəsində GİDS-in mühəndisləri tərəfindən yaradılmış və hazırda Pakistan Hərbi Hava Qüvvələrində istifadədə olan "RPB-1" tipli aviasiya raketlərinin birgə istehsalı həyata keçiriləcək. Hazırda bu istiqamətdə texnologiyaların transferinə dair şirkət Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə müzakirələr aparır.
Şirkətdən bildirilib ki, gələcəkdə Azərbaycanla digər aviasiya, quru və dəniz sistemlərinin istehsalı layihələrinin reallaşdırılması mümkündür.
Qeyd edək ki, 2007-ci ildə yaradılmış GİDC konsorsiumuna müxtəlif sahələri təmsil edən 7 şirkət daxildir.