BMT-nin Əfqanıstanın Məzari-Şərif şəhərindəki nümayəndəliyinin rəhbəri təyin olunmuş Azərbaycan vətəndaşının kimliyi məlum olub.
BMT-dəki mənbələrdən APA-ya verilən məlumata görə, bu, 38 yaşlı Namiq Heydərovdur.
Bildirildiyinə görə, Namiq Heydərov Azərbaycan Xarici Dillər Universiteti, Boston Universiteti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Beynəlxalq inkişaf və idarəçilik üzrə mütəxəssisdir. Norveç Qaçqınlar Şurası və digər beynəlxalq humanitar təşkilatlarda çalışıb. N. Heydərov Pakistan və Tacikistana təbii fəlakət və fövqəladə hallar zamanı göstərdiyi təcili yardıma görə bu ölkələrin hökumətləri tərəfindən dəfələrlə mükafatlandırılıb. Son illər BMT-nin Orta Asiya və Əfqanıstandakı əməliyyatlarında fəal iştirak edir.
Qeyd edək ki, BMT missiyası aprel ayında Amerikada keşişin Quranı yandırmasına etiraz olaraq Məzari-Şərifdə keçirilən aksiyadan sonra fəaliyyətini dayandırıb. Qarətlərlə müşayiət olunan aksiya zamanı BMT missiyasının binası hücuma məruz qalıb, yeddi əməkdaşın başı kəsilib. Missiyaya rəhbərlik edən rusiyalı diplomat Pavel Yerşov isə təsadüf nəticəsində sağ qalıb. Lakin o, missiyada fəaliyyətini davam etdirməyəcək.
Nümayəndəlik fəaliyyətini iyulun 29-da bərpa edib.