"Radikal ekstremizmin səbəblərindən biri vəhhabilik və nurçuluqdur. Bu cərəyanlara qarşı mübarizəni gücləndirmək zəruridir. Bu zərərli təzahürlərin yayılmasının qarşısını almaq üçün islamı daha dərindən öyrənmək və cəmiyyəti birləşdirmək lazımdır". Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Bakıda tolerantlıq məsələlərinə həsr olunmuş konfransda çıxış edərkən səsləndirib.
"Turan" agentliyinin məlumatına görə, şeyxülislam qeyd edib ki, Azərbaycandakı son hadisələr radikal islamçı qrupların fəallaşdığını sübuta yetirir və bu prosesin yayılmasının qarşısını almaq üçün ciddi tədbirlərə ehtiyac var. A.Paşazadə həmçinin "islama zərbə vurmağa çalışan Qərbdən və Şərqdən olan emissarları" ittiham edib.
Dini Qurularla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da dini radikalların fəallaşdığını vurğulayıb. O bildirib ki, tolerantlığın alternativi yoxdur və inzibati tədbirlərlə bərabər dini maarifləndirməyə də ehtiyac var.
Şeyxülislam tədbirdə Qarabağ problemindən də söz açıb. O, Ermənistanın baş naziri Serj Sərkisyanın Dağlıq Qarabağ münaqişəsini dini motivlərlə bağlamaq cəhdini qəti pisləyib. A.Paşazadə deyib ki, erməni katalikosları ilə bütün görüşləri zamanı tərəflər münaqişənin dini xarakter daşımadığını təsdiqləyiblər.
Sonra şeyx bildirib ki, BMT nəzdində dini şuranın yaradılması təşəbbüsü ilə çıxış edib.