Oxucu sual verir: Şiə məzhəbində də cümə namazının vacibi-eyni (qeydsiz-şərtsiz) vacib olduğunu söyləyən alimlər olmuşdurmu?
Şiə məzhəbinə görə, cümə namazını qılmaq yalnız XII İmam Mehdinin (ə) zühurundan sonra vacib olacaq (şəxsən Onun və ya nümayəndəsinin imamlığı ilə). İmamın qeybət dövründə isə cümə namazını qılmaq vacibi-təxyiridir. Yəni cümə günü cümə və ya zöhr namazını qılmaq insanın öz seçimindən asılıdır. Bununla belə, şiə müctəhidlər lazımi şərtlərə cavab verən cümə namazı qılındığı zaman həmin namazda iştirak etməyin daha üstün olduğunu vurğulayırlar.
Şiə alimlərindən bir neçəsi, o cümlədən, məşhur hədis alimi Feyz Kaşani, böyük fəqihlər Şəhidi-sani, Əllamə Məclisi və atası, Mühəqqiq Səbzəvari və b. cümə namazının vacibi-eyni (yəni hər kəsə vacib) olduğuna etiqad bəsləyirdilər. Onlar ədalətli hesab etdikləri hökmdarların idarəsi altında olan şəhərlərdə cümə namazları qıldırır, cümə namazının vacibliyi barədə risalələr yazır, bu məsələni qəbul etməyənləri şiddətlə qınayırdılar. Feyz Kaşaninin özü cümə namazının vacibliyi barədə iki risalə qələmə almışdır: “Şihab əl-saqib və rücum əl-şəyatin” və “Əbvab əl-cinan”. Bunların birincisini ərəb, ikincisini fars dilində yazmışdır.