Noyabrın 13-dən 17-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində Yaxın Şərqin ən böyük aerokosmik sərgisi olan "Dubai Aeroshow-2011" keçiriləcək.
APA-nın sərginin təşkilat komitəsinə istinadən verdiyi məlumata görə, bu günədək dünyanın 50 müxtəlif ölkəsindən 258 şirkət sərgidə iştirakını təsdiq edib. "Dubai Aeroshow-2011" sərgi-aviaşousunda Azərbaycanı "Azairtechservice" şirkəti təmsil edəcək. Əsasən hərbi və mülki qurumlara aviasiya xidmətləri göstərən "Azairtechservice" LTD şirkəti W834 saylı stenddə təmsil olunacaq.
Sərgidə Azərbaycanın müxtəlif hərbi qurumlarından və aviaşirkətlərindən nümayəndə heyətlərinin ziyarətçi qismində iştirakı gözlənilir.
Aerokosmik şou BƏƏ-nin elan edilməsinin 40 illiyinə həsr olunacaq.
"Boeing" şirkətinin araşdırmalarına görə, Yaxın Şərq Hava Yolları 2029-cu ilədək 2340 təyyarə hesabına donanmanın gücünü artıracaq. Bu isə 390 milyard ABŞ dolları sərmayə, təxminən 32700 təlimçi və pilot və 44500 texniki işçinin əlavə işə qəbulu deməkdir.
Sərgi-aviaşouda dünyanın aviasiya və kosmos sənayesində tanınmış "Air France Industries/KLM E & M", "Airbus", "Al-Jaber Aviation", "Boeing", "Bombardier Aerospace", "Cessna Aircraft Company", "Dassault Aviation", "Emirates Airline", "Eurofighter", "Finmeccanica", "FLIR Systems", "Gulfstream", "Irkut Corporation", KAI, "L3 Communications", "Lufthansa Technik", "MTU Aero Engines", "Northrop Grumman", "Pakistan Aeronautical Complex", "Pratt & Whitney", "Rafale International", "Raytheon", "Rolls Royce", "Russian Helicopters", SAAB, "Lockheed Martin", "Sikorsky", TAİ və s. tanınmış şirkətlər təmsil olunacaq.