Norveçdə ötən gün (iyul ayının 22-də) törədilmiş iki hücumun təşkilində günahlandırılan şəxs həbs edilib. Oslonun baş polis idarəsindən bildirilib ki, Utoya adasında baş vermiş qətliamı törədən 32 yaşlı Norveç vətəndaşı olan Anders Behrinq Breiviki 21 il həbs cəzası gözləyir. O, həmçinin 7 nəfərin ölümü ilə nəticələnən Oslodakı partlayışın təşkilində də günahkar bilinir.
Norveçi qana bulayan adam kimdi?
Sarı saçlı, mavi gözlü, hətta bəzilərinə görə yaraşıqlı birisi... Norveçin Utoya adasındakı qanlı qətliamın günahkarının xarici görünüşü belədir. Amerika və Avropada törədilmiş hər terror aktından sonra yaradılan "radikal İslam" xofu, bu terroristin profilinə uyğun gəlmir. Terrorçu Anders qatı sağcı bir xristiandır və müharibə oyunlarına maraq göstərir. Polisin verdiyi məlumata görə, o, hücumu həyata keçirən zaman polis formasında olub. O öz facebook profilində də mühafizəkar, xristian və subay olduğunu qeyd edib. Şərhlərində özünü milliyyətçi olaraq tanıtdırıb.