Ərdəbilin imam-cüməsi Seyid Həsən Amili öz çıxışında bildirib ki, İranın hərbi qüvvələri ölkənin qərbində terrorçu "Pejak" (PKK-nın bölməsi) qruplaşmasının mövqelərini darmadağın etmişdir
Bu terrorçu qruplaşma bir çox insanları şəhid edib. Seyid Həsən Amili bildirib ki, bu hərbi uğur - İslam İnqilabının Keşikçiləri Korpusunun iqtidarını nümayiş etdirmişdir.
Ərdəbilin imam-cüməsi qeyd edib ki, terrorçu Pejak qruplaşmasının başçısı hazırda Almaniyadadır. Almaniya hökuməti onu həbs etdi, lakin terrorizmlə mübarizə şüarını verən bu ölkə hökuməti bir neçə gün sonra onu azad etdi.
Terrorçu Pejak və PKK qruplaşmaları ünsürlərinin harada təlimlər keçdiyini sual olaraq irəli sürən Amili bildirib ki, bu terrorçular Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində təlim keçirlər. Davamında Seyid Amili bildirib: "Azərbaycan elə düşünür ki, Qarabağ erməninin əlindədir. Dağlıq Qarabağ hazırda ABŞ və sionist rejimin əlindədir. ABŞ və sionist rejim bu ünsürləri Dağlıq Qarabağda yetişdirir, sonra isə İrana qarşı terror əməliyyatı törətməyə göndərir".
Ərdəbilin imam-cüməsi vurğulayıb ki, Ermənistanın 18 ildir müzakirələrdə maneələr yaratması o deməkdir ki, Azərbaycana bir qarış da torpaq vermək istəmir: "Yəni arxasında duran var ki, Ermənistan belə haray-həşir salır. Rusiya, ABŞ onun arxasında durublar. Bu ölkələr heç vaxt məsələyə icazə verməzlər. Minsk qrupu adında bir qrup düzələrək Rusiya və Qərb ölkələri Azərbaycanı aldadıb oynadıblar".
"Belə bir sual olunmalıdır ki, bu 18 ildə nə iş görülüb? Azərbaycan Qarabağı azad etmək istəyirsə, yalnız bir yolu var. O da budur ki, özünə etimad edərək hərbi yolla qabağa getməlidir. Lakin bunu edə bilməz. Çünki ilk öncə Dağlıq Qarabağı almaq üçün o qüdrəti yoxdur" -deyə Amili söyləyib.
Amilinin sözlərinə görə, Azərbaycan kiminlə Qarabağı almaq istəyir? Dindar insanlarla Qarabağı azad etmək olar. Lakin AR hökuməti dindarları həbsə atıb və bütün dindarlara qarşı addım atılır.
"Bəyəm mahnı oxuyanla torpağı azad etmək olar? Çaxır içənlə torpağı azad etmək olar?" -deyə Ərdəbilin imam cüməsi qeyd edib.
Davamında Seyid Amili bildirib: "Maraqlıdır ki, o tərəfdən NATO da Azərbaycanı təhdid edir ki, müharibə və hərbi vasitədən istifadə etməyə haqqın yoxdur. Rusiya da qoymur, NATO da qoymur".
Ərdəbilin imam-cüməsi davamında bildirdi ki, Azərbaycanın yeganə çıxış yolu var. O da budur ki, özünə, dindarlara və bizim bu cümə namazında iştirak edən dindarlara etimad etməlidir. Hansı ki, bu dindarlar zamanında ermənilərə yaxşıca qulaqburması verərlər ki, erməni bir daha Azərbaycan adını tutmaz. (Səhər TV)