Bu həftə sonu dünyadakı Fələstin səfirlərinin İstanbulda keçiriləcək ümumi toplantısında Fələstinin Azərbaycandakı səfiri Nasser Kareem də iştirak edəcək. Bunu APA-ya açıqlamasında fələstinli diplomat deyib. O bildirib ki, İstanbul görüşünə Fələstinin müxtəlif ölkələrdəki diplomatik missiyalarının rəhbərləri qatılacaq. Bu toplantıda sentyabr ayında Fələstinin müstəqilliyinin elanı barədə BMT-yə təqdim ediləcək bayannamə və bu hadisə öncəsi diplomatik səylərin əlaqələndirilməsi əsas müzakirə mövzusu olacaq.
Tədbirə Fələstin və Türkiyə lideləri Mahmud Abbas və Rəcəb Tayyip Ərdoğanın da qatılacağı gözlənilir. Fələstin səfirinin sözlərinə görə, BMT-də təmsil olunan əksər dövlətlər, o cümlədən Azərbaycan müstəqil Fələstin ideyasını dəstəkləyir. Səfir Azərbaycan rəhbərliyinin Fələstinin dəstəklənməsi siyasətini çox yüksək qiymətləndirdiklərini və bunun Fələstin xalqı tərəfindən heç vaxt unudulmayacağını vurğulayıb