"Ey ata, ey ana!
Sən mənə qadağalar dini verdin. Mənə göstərdiyin yol, verdiyin məsləhətlər, öyrətdiyin əxlaqi dəyərlərin məğzi bu oldu: getmə, baxma, demə, anlama, hiss etmə, yazma, oxuma! Bunların ki, hamısı "yox" oldu. Amma mən işıqlı bir yol göstərən din istəyirəm. Yazıçılardan biri deyir: "Vay o dinin halına ki, onda "yox" "hə"dən çox olsun". Mən isə səndən bir dənə də olsun "hə" eşitmədim!
Ey ata, ey ana! Sən müqəddəs hesab etdiyin Qurandan bu gün nə anlaya bilərsən? Sən o kitaba etiqadlı olduğun halda, mənim qədər xəbərsizsən. Amma daim onu gözünə, sinənə, körpənin beşiyinə, xəstənin balışına sürtürsən. Evdən çıxanda bir neçə ayə oxuyub, qıfıla üfürürsən. Məgər Allah Öz kitabını bunun üçünmü göndərib? Amma elə bir qıfıl almaq olar ki, üfürülməmiş də onu kimsə aça bilməz! Əgər Quran bir neçə ayəni boyundan asmaqla sağlamlığı qorumaq üçündürsə, belə çıxır ki, xəstəliyə qarşı peyvənd (vaksin) vurduranların sənin "Quran"ına ehtiyacları yoxdur!
Sən düşünüb ağıl yolu ilə doğru yolu seçmək əvəzinə, yeri gəldi-gəlmədi istixarə edirsən. Amma mən...Qurana bu qədər ucuz yanaşılmasına tərəfdar deyiləm. Mən elm və biliyin köməyi ilə əqlimi işə salıram və qarşıma çıxan suallara məntiqi cavab axtarıram. Mən Quranı istixarə üçün yox, həqiqəti tapmaq üçün oxuya bilərəm. Əgər sən gözlərini yumub Quranı açırsansa, mən gözlərimi açıb Quranı oxumaq istəyirəm!"
(Əli Şəriəti, "Ey ata, ey ana, biz müttəhimik" kitabından)