Metyu Brayza ilə görüşən yəhudi icması təmsilçiləri Bakıdakı məktəblərin birinin iki məzununa attestat verilmədiyindən şikayətləniblər
Bakıdakı yəhudi icmasının təmsilçiləri ABŞ-ın Azərbaycandakı səfirliyində olaraq Təhsil Nazirliyindən şikayət ediblər. APN agentliyinin yaydığı xəbərə görə, Azərbaycandakı dağ yəhudiləri dini icmasının idarə heyətinin sədri Semen İxiilov, icmanın rəhbəri Vaad-a Tsala rav Şmoel Simantov və ravvin Zamir İsayev səfir Metyu Brayza ilə görüşüblər. S.İxiilov səfirə məlumat verib ki, Bakıdakı 46 nömrəli məktəbin milliyyətcə yəhudi olan iki şagirdi Maniella Milixova və Myalikya Myalikova iyunun 17-də vahid buraxılış imtahanını uğurla versələr də Təhsil Nazirliyinin qərarı ilə onların balı kəsilib. Nəticədə onlar orta məktəbi bitirmək barədə attestat ala bilməyiblər.
Görüş zamanı yəhudi icmasının təmsilçiləri ABŞ səfirinə Təhsil Nazirliyinin yəhudi şagirdlərə qarşı niyə belə davrandığı barədə izahat da veriblər. Onların dediyinə görə, bu ilin fevralında həmin şagirdlər sınaq imtahanına qatılmayıblar. Bunun səbəbi isə imtahanın yəhudilər üçün müqəddəs gün sayılan şənbəyə təyin edilməsi olub. "Mahiyyətcə yəhudi qızlar ona görə cəzalandırılıblar ki, Tanrı tərəfindən göndərilmiş əmrə itaət ediblər. Onlar sınaq imtahanını istənilən başqa gün verməyə hazır olublar. Lakin Təhsil Nazirliyi əvvəlcə qızlara rədd cavabı verib, ancaq indi onların sınaq imtahanına qatılmamasından qızların buraxılış imtahanında topladıqları balı kəsmək üçün istifadə edir" deyə, İxiilov səfirə bildirib. Xəbərdə deyilir ki, ABŞ səfiri yəhudi icmasının təmsilçilərini diqqətlə dinlədikdən sonra onlara vəd verib ki, səfirlik bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edəcək. Xahiş edəcək ki, həmin şagirdlərin imtahan tarixçəsini diqqətlə araşdırsınlar. Səfirin dediyinə görə, qızlar iyunun 17-də real buraxılış imtahanını uğurla verdikləri üçün onlar attestat almaq haqqı qazanırlar.
F.MƏMMƏDOV,