Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Vatikana səfəri zamanı Azərbaycanda katolik kilsənin statusu haqqında saziş imzalanıb.
APA-nın Vatikan mətbuatına istinadən verdiyi məlumata görə, E. Məmmədyarov və Müqəddəs Taxt-Tacın Dövlətlərlə münasibətlər şöbəsinin katibi Arxiyepiskop Dominik Mamberti 29 aprel 2011-ci il tarixində Bakıda imzalanmış "Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş"in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında protokol imzalayıblar. Giriş və səkkiz maddədən ibarət olan sənəd Azərbaycanda Katolik kilsənin statusunu tənzimləyir. Sənəd ratifikasiya olunan andan qüvvəyə minir.
Vatikana səfəri çərçivəsində Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi, Kardinal Tarsisio Bertoni ilə də görüşüb.
`