Əfqanıstanın Herat şəhərinin rəsmiləri iki həftə əvvəl bu şəhərdə açılmış İran kitab sərgisində bir sıra kitabların sünni məzhəbinin müqəddəslərini təhqir etdiyini deyiblər və buna etiraz bildiriblər. "Media forum" saytının məlumatına görə, Herat şəhərinin mədəniyyət və informasiya idarəsinin başçısı Nemətullah Süruri "Bi-Bi-Si"yə açıqlamasında deyib ki, o özü İranda çap edilən və həmin sərgidə sərgilənən "Qəm sirləri" adlı kitabı fakt kimi göstərə bilər: "Həmin kitabda Rəşidi xəlifələri açıq-aşkar təhqir edilib".
N.Süruri bildirib ki, o, sünni müqəddəslərinin təhqir obyektinə çevrilməsi ilə bağlı faktı Herat valisi Hüseyn Ənvəri ilə müzakirə aparıb, vali isə öz növbəsində İranın Heratdakı baş konsulu Məhəmməd Əli Nəcəfi Məneşdən izahat tələb edib.
Mədəniyyət və informasiya idarəsinin başçısı onu da vurğulayıb ki, Herat kitab sərgisi üçün göndərilən, sünni müqəddəslərini təhqir edən 90 cildə qədər kitabı Əfqanıstan sərhədçiləri müsadirə ediblər.
Əhalisinin əksərini sünnilər təşkil edən Herat şəhərinin tanınmış ruhanisi Faruq Hüseyni sərgidə əldə olunmuş və sünnilərin təhqirinə yönəldildiyi bildirilən üç kitabın - "Qəm sirləri", "Məzun evləri" (14 məsumun həyatı haqqındadır) və şiə ruhanisi Şeyx Əhməd Kafinin çıxışlarının mətnindən ibarət olan "Həzrət Mehdinin bostan bülbülü" kitablarının sübut kimi onun ixtiyarında olduğunu deyib.
İranın Heratdakı konsulluğunun rəsmiləri sünni müqəddəslərinin təhqir olunduğunu təkzib edərək məsələni araşdıracaqlarına söz veriblər.