İordaniya parlamentində İordaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb. Azərbaycanın Əmmandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin I katibi K. Murtuzov dostluq qrupunun sədri S. Hadban və qrupun üzvləri ilə İordaniya parlamentində görüş keçirib.
S. Hadban iki ölkə arasında əməkdaşlığın yüksək templə inkişafını təqdirəlayiq hal kimi qeyd edərək parlamentlərarası əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb. Həm İordaniya, həm də Azərbaycan parlamentlərində yaradılmış dostluq qruplarının bu əlaqələri daha da dərinləşdirəcəyinə əminliyini ifadə edən S. Hadban qanunverici orqanların nümayəndələrinin qarşılıqlı səfərlər və təcrübə mübadiləsi etmələrinin əhəmiyyətindən danışıb.
Görüş zamanı parlamentlərarası dostluq qruplarının yaxın zamanlarda qarşılıqlı səfərlərinin təşkili istiqamətində hər iki tərəfin lazımi iş aparması barədə razılığa gəlinib.