Oxucu sual verir: Peyğəmbərimiz niyə Məkkənin fəthindən sonra bu şəhərdə qalmadı, niyə Mədinəyə qayıtdı?
Həzrət Muhəmməd Peyğəmbər (s) Məkkə şəhərini çox sevirdi. Məkkə o həzrətin vətəni idi. Amma məkkəlilərin zülmü üzündən Peyğəmbər (s) bu şəhəri tərk edib Mədinəyə köçməyə məcbur olmuşdu. Mədinə şəhəri Peyğəmbərə (s) səmimiyyətlə qucaq açdı. Burada ilk müsəlman cəmiyyəti quruldu, mədinəlilər öz canları və malları ilə İslamı qorudular. Məkkəlilər isə bu müddət ərzində müsəlmanların üstünə bir neçə dəfə qoşun çəkdilər. Peyğəmbərimiz (s) hicrətin 8-ci ilində Məkkəni fəth etdikdən sonra da burada qalmağı münasib görmədi və Mədinəyə qayıtdı. Çünki ən çətin günündə Ona yardım göstərmiş mədinəliləri incitmək istəmirdi. Həm də artıq Mədinədə müsəlman dövlətinin paytaxtı üçün lazım olan bütün şərait hazırlanmışdı. Buna görə Peyğəmbərin (s) vəfatından sonra da Mədinə bir müddət xilafətin paytaxtı oldu.