Oxucu sual verir: Qumar kimi yox, sadəcə, əyləncə üçün kart oynamaq olarmı?
İslam dini qumar kimi mənfi hallarla o qədər ciddi mübarizə aparır ki, hətta qumar aləti kimi tanınan vasitələrdən hər cür istifadəni də haram edir. Diqqət yetirilməli məsələ budur ki, sırf haram vasitəsi olan alətlər nəzərdə tutulur, həm halal, həm də haram məqsədlə istifadə edilən alətlər deyil. Bunun əsas meyarı isə ürf, yəni camaatın baxışı, münasibətidir. Bu gün kart demək olar ki, yalnız qumar aləti kimi tanınır, onunla qumardan və daha bir haram işdən – faldan başqa heç nə üçün istifadə edilmir. Əgər hardasa iki nəfərin kart oynadığını görsək, ağlımızdan keçən ilk fikir onların qumar oynaması olacaq. Ona görə də kartdan hər hansı cür istifadə etmək arzuedilməzdir.