Oxucu sual verir: Əgər dünyadakı hadisələr səbəb-nəticə qanunu əsasında və təbiət qanunlarına uyğun şəkildə olursa, bəs, möcüzələr niyə baş verir?
Quranda “sünnətullah” adlı məfhum var. Yəni Allah-Təala bu dünyada baş verən maddi-mənəvi hadisələri müəyyən qanunlara tabe edib ki, nizamsızlıq və xaos yaranmasın, insanlar və hətta heyvanlar da bu qanunları bilsinlər və çaşıb qalmasınlar. Məsələn, yağış yağması üçün əvvəlcə yerdəki su buxarlanıb yuxarı qalxmalı, sonra buxar ağırlaşıb buludların içində su damcılarına çevrilməli, buludlar toqquşub damcılar yerə tökülməlidir. İnsan çörək yemək istəyirsə, buğda əkməli, ona qulluq etməli, buğdanı yığıb una çevirməli, çörək bişirməlidir. Ya da bunu edən başqa birisindən hazır çörəyi almalıdır. Dünyanın əksər işləri bu cür qanunlar əsasında baş verir. Amma bəzi hallarda Allah-təala hadisələrə müdaxilə edib möcüzələr yaradır. Bu fövqəltəbii hallar peyğəmbərlərin və imamların, saleh bəndələrin duası ilə də baş verə bilər. Bu möcüzələr ona görə yaranır ki, onları görən insanlar Allahın qüdrəti qarşısında heyran qalıb, bu qüdrətin sahibini tanısınlar. Əgər Allah addımbaşı möcüzə yaratsaydı, əvvəla, möcüzənin dəyəri qalmazdı və adiləşərdi. İkincisi, insanlar təbiətdə baş verən hadisələrin səbəbini, zamanını, gedişatını anlamazdılar, mövhumat və xurafat baş alıb gedərdi.