Oxusu sual verir: Əgər şəriət və kitab sahibi olan peyğəmbərlərə ülul-əzm peyğəmbərlər deyilirsə, o halda, niyə Həzrət Davud (ə) ülul-əzm peyğəmbər sayılmır? Axı, ona da Zəbur nazil edilmişdi.
Ülul-əzm peyğəmbər deyilərkən, yalnız səmavi kitab gətirmiş peyğəmbər deyil, yeni şəriət gətirmiş peyğəmbər nəzərdə tutulur. Yəni ülul-əzm peyğəmbər özündən əvvəlki ülul-əzm peyğəmbərin şəriətini ləğv edən yeni şəriət qaydaları gətirir və bununla əvvəlki şəriət qüvvədən düşür. İki ülul-əzm peyğəmbərin arasında gəlmiş peyğəmbərlər isə birinci ülul-əzm peyğəmbərin şəriətinə tabe olurlar. Məsələn, Həzrət İbrahimlə Musa Peyğəmbərin (ə) arasında fəaliyyət göstərmiş peyğəmbərlər Həzrət İbrahimin (ə) şəriətini təbliğ edirdilər. Həzrət Davud (ə) Musa Peyğəmbərdən (ə) sonra, İsa Peyğəmbərdən (ə) əvvəl yaşamışdır. O, Həzrət Musa Peyğəmbərin (ə) şəriətinə tabe idi. Həzrət Davuda (ə) nazil olmuş Zəbur şəriət hökmlərindən deyil, Allahı vəsf edən dua və nəğmələrdən ibarət idi.