İran İslam Respublikasının dini rəhbəri ayətullah Seyid Əli Xamneyi ölkədə ictimai təhlükəsizliyin yüksəldilməsi ilə bağlı layihənin fasiləsiz və tam qüdrətlə aparılmasını tələb edib. "Media forum" saytının məlumatına görə, dini rəhbər noyabrın 7-də Tehran Hüqüq-Mühafizə Universitetindəki çıxışında deyib: "Hüquq-mühafizə qüvvələri müvəqqəti layihələri bir kənara qoyaraq nəticə alana qədər bu işlə məşğul olmalıdır".
Xamneyi hüquq-mühafizə qüvvələrinə layihəyə qarşı çıxanlara fikir verməməyi tövsiyə edib: "Hüquq-mühafizə qüvvələri bu layihəyə qarşı aparılan bütün təbliğatlara və ona qarşı çıxanlara fikir vermədən öz vəzifəsini tam yerinə yetirməlidir"."Media forum" xatırladır ki, 2006-cı ilin ortalarından İranda həyata keçirilən ictimai təhlükəsizliyin yüksəldilməsi layihəsinə əsasən, polis və mülki geyimli təhlükəsizlik işçiləri hicaba kifayət qədər riayət etməyən qadınlara, Qərb geyim tərzinə uyğun paltarların satışı ilə məşğul olan mağaza sahiblərinə və həmin geyimlərdən istifadə edən gənc qız və oğlanlara, həmçinin xuliqanlara qarşı mübarizə aparmalıdır. İctimai təhlükəsizliyin yüksəldilməsi layihəsinin həyata keçirilməsi nəticəsində bu günə qədər onlarla şəxs xuliqanlıqda, cinsi təcavüzdə və narkotik qaçaqmalçılığında günahlandırılaraq edam edilib.
Siyasi ekspertlərin fikrincə, apardığı nüvə fəaliyyəti ilə bağlı İrana qarşı beynəlxalq sanksiyaların gücləndirilməsi ölkə iqtisadiyyatının gündən-günə zəifləməsinə və ictimai sabitliyin pozulmasına gətirib çıxardığından İran rəhbərliyi əhalinin mümkün etiraz və üsyanından ehtiyatlanaraq ictimai təhlükəsizliklə bağlı məsələni yenidən gündəmə gətirib.