Oxucu sual verir: Oturmuş halda namaz qılan xəstə adam ayaq üstə adi şəkildə namaz qılan adama iqtida edə bilərmi?
Şəriət qanunlarına görə, insan sağlamlığındakı problemlərə görə namazını oturmuş və uzanmış vəziyyətdə qıla bilər. Bunların hökmü risalələrdə ətraflı izah edilib. Bu üç vəziyyətdə (normal ayaq üstə, oturmuş və uzanmış) namaz qılanların bir-birinə iqtida etməsi bəzi hallarda icazəli, bəzi hallarda isə icazəsizdir. Ümumi qayda budur ki, uzanmış halda namaz qılmağa məcbur olan şəxsin başqasına iqtida etməsi, həmçinin, başqasının ona iqtida etməsi bəyənilmir – istər başqası ayaq üstə, istər oturmuş, istərsə də uzanmış halda namaz qılsın. O biri iki vəziyyətdə isə şərt budur ki, üzürlü şəxs özü ilə eyni vəziyyətdə olan və ya üzürsüz olan şəxsə iqtida edə bilər, əksi isə yox. Yəni adi qaydada namaz qılan şəxs yalnız ayaq üstə namaz qılan imama iqtida edə bilər. Oturmuş vəziyyətdə namaz qılan adam da ya özü kimi oturmuş vəziyyətdə, ya da ayaq üstə namaz qılana iqtida edə bilər.