Bu yasaq hələlik yalnız Qurani-Kərimə tətbiq edilməyib
"Bakıda bütün dini kitabların, hətta Qurani-Kərimin də satışdan yığışdırılması ilə bağlı ən yüksək səviyyədə tapşırıq verilib". Bu barədə "Ayna"ya daxil olan məlumata əsasən, hökumət problemi mümkün qədər səs-küy olmadan həll etmək istəyir. Mənbənin sözlərinə görə, artıq mətbuat yayımı şirkətlərinə məsələ ilə bağlı xəbərdarlıq edilib. Qəzet-jurnalla bərabər həm də dini kitabların yayımı ilə məşğul olan şirkətlər artıq tədbirlərə başlayıb və hələlik satışda Qurani-Kərim saxlanılsa da, digər dini ədəbiyyatların hamısı yığışdırılıb.
Qeyd edək ki, Bakıda dini kitablar ya ixtisaslaşmış dini mağazalarda, məsələn, "Əhlibeyt" dükanlarında, ya da qəzet və jurnal köşkləri və piştaxtalarında satılır. Xatırladaq ki, dünən bu xəbəri həm də "ANS-press" dini kitab satışı ilə məşğul olan şəxslərə istinadən yaymışdı. Məlumatda satışdan həm də Qurani-Kərimin yığışdırılması da qeyd olunurdu. Lakin "Ayna"nın əməkdaşları bu xəbərin həqiqətə uyğun olmadığını aydınlaşdırıblar. Belə ki, metronun "İnşaatçılar" və "Nizami" stansiyaları yaxınlığındakı "Əhlibeyt" dükanlarında İslam dininə aid bir çox dini ədəbiyyat, eləcə də Qurani-Kərim satışda olub. Mağaza satıcıları onlara dini kitabların satışı ilə bağlı heç bir xəbərdarlığın edilmədiyini bildiriblər.
Yeri gəlmişkən, "Əhlibeyt" mağazalarında əsasən İran din alimlərinin müəllifi olduqları dini kitablar satılır, həm də bu kitabların əksəriyyəti kiril əlifbası ilə çap olunub. Satıcıların iddia etdiklərinə görə, hətta gənc nəslə mənsub şəxslər də üstünlüyü kiril əlifbası ilə yazılan dini əbəbiyyatlara verirlər. Çünki latın qrafikalı Azərbaycan əlifbası ilə yazılan dini ədəbiyyatların sayı çox məhduddur.
Amma metro stansiyalarında yalnız Qurani-Kərim açıq satışda var idi. Həm də bütün qəzet köşkləri və piştaxtalarında yox. Satıcılar yalnız Qurani-Kərimi həmişə satdıqlarını iddia etsələr də, müşahidəçilər bir neçə gün öncə köşklərdə digər dini ədəbiyyatların da olduğunu bildiriblər.
Yeri gəlmişkən, satıcılarda nəsə bir xof hissi də açıq müşahidə olunurdu. Məsələn, metronun "Elmlər Akademiyası" stansiyasının çıxışındakı qəzet piştaxtasının satıcısına dini ədəbiyyat satıb-satmadığı ilə bağlı sual edən əməkdaşımıza heç bir dini ədəbiyyatı satmadığını deyən 40-45 yaşlı kişiyə piştaxtada Rusiya nəşri olan "İkonalar" jurnalının olduğunu bildirdikdə, o özünü itirib və jurnalı tez piştaxtadan götürərək gizlətməyə çalışıb. Apardığımız müşahidələrə əsasən, belə qənaətə gəlmək mümkündür ki, dini ədəbiyyatların yığışdırılması ilə bağlı tapşırıq var.
Mənbənin "Ayna"ya verdiyi məlumata əsasən, kitabların yığışdırılması kampaniyası hüquq-mühafizə orqanlarının son günlər radikal dini təriqət nümayəndələrinə, xüsusilə də radikal vəhhabilərə qarşı başladığı əməliyyatlarla bağlıdır. Bu səbəbdən də hüquq-mühafizə orqanları əsasən radikal dini təriqətlərə aid olan dini ədəbiyyatların satışdan çıxarılması istiqamətində işə başlayıblar. Amma bu kampaniya çərçivəsində digər dini ədəbiyyatlar da yığışdırılır. Həm də kitabları heç kim müsadirə etmir, sadəcə, kitabların satışdan yığışdırılmasına dair xəbərdarlıq edilir.
Məsələ ilə bağlı dindarlarla da söhbətləşmək məqsədilə bir neçə məsciddə olmuş əməkdaşımıza məlum olub ki, ibadətlə məşğul olan şəxslərin kitabların yığışdırılıb-yığışdırılmaması ilə bağlı heç bir məlumatı yoxdur. Hətta bəzi məscidlər bu mövzunun onlar üçün maraqlı olmadığını da deyiblər. Məsələn, BDU-nun İlahiyyət fakültəsinin məscidində əməkdaşımıza bildirilib ki, onlar üçün dini ədəbiyyatlar Türkiyənin Diyanət Başqanlığı tərəfindən göndərilir və bütün dindarlara pulsuz olaraq paylanılır. Məscidə ibadətə gələn hər bir şəxs pulsuz olaraq kitablarla təmin edildiyi üçün köşklərdə kitab axtarmır.