Oxucu sual verir: “Məryəm” surəsinin 54-cü ayəsində adı çəkilən İsmail Peyğəmbər (ə) niyə “sadiq əl-vəd” adlandırılıb?
Ayədə buyurulur: “Kitabda (Quranda) İsmaili də yada sal! O öz vədinə sadiq və bir elçi, bir peyğəmbər idi” (Məryəm, 54). Burada haqqında danışılan peyğəmbərin hansı İsmail olması barədə fikir ayrılığı vardır. Bəzi təfsirlərdə onun İbrahim Peyğəmbərin (ə) oğlu Həzrət İsmail olduğu, bəzi təfsirlərdə isə İsmail adını daşıyan başqa peyğəmbər olduğu göstərilir. Qurai-Kərimin yuxarıdakı ayəsi həmin Həzrət İsmailin (ə) öz vədinə sədaqətli olmasını qabardır. İmam Cəfər Sadiq (ə) ayənin təfsirində buyurub ki, İsmail Peyğəmbər (ə) bir nəfərə görüşmək üçün söz vermişdi. Təyin olunan vaxt Həzrət İsmail (ə) həmin yerə gəldi, amma o biri adam gəlməmişdi. O həzrət həmin yerdə durub gözləməyə başladı. Üstündən xeyli müddət keçdi, camaat peyğəmbəri axtarmağa başladı. Axırda həmin yerdə Həzrət İsmaili (ə) tapdılar. O zamandan bu peyğəmbərə “sadiq əl-vəd” deməyə başladılar.