Oxucu sual verir: Niyə bəzən namazın təşəhhüd hissəsində şəhadət barmağını qatlayıb tərpədirlər?
Əsasən əhli-sünnə məzhəbinə mənsub olan müsəlmanlar namazda bunu edirlər, şiə məzhəbində bu yoxdur. Əhli-sünnə məzhəbində də bəzi alimlər bunu sünnət sayır, bəziləri isə məsləhət bilmirlər. Təşəhhüddə kəlmeyi-şəhadəti söyləyən zaman barmaqla işarə etmək “la ilahə illəllah” cümləsini təsdiq etmək və Allahın təkliyinə şəhadət vermək kimi qəbul olunur. Bunun bir neçə qaydası var. Maliki məzhəbindən olanlar sağ əlin barmaqlarını büküb, şəhadət barmağını qabağa uzadır və yavaşca tərpədirlər. Hənbəlilər bu zaman baş barmaqla orta barmağı halqa kimi tuturlar. Hənəfilər “la ilahə” deyəndə şəhadət barmağını yuxarı qaldırır, “illəllah” deyəndə aşağı salırlar.