Yəmən paytaxtında çalışan Qərb diplomatlarından biri prezident Əli Abdulla Salehin öldürüldüyü haqda yayılan xəbərləri təkzib edib.
APA-nın məlumatına görə, bu barədə "Reuters" xəbər yayıb. Diplomat bildirib ki, prezident sarayının artilleriya atəşinə tutulması zamanı Saleh yüngül yara alıb. Onunla birlikdə parlamentin sədri, baş nazir və baş nazirin müavini də yaralanıblar.
Dövlət başçısının yaralandığını, lakin sağ olduğunu güc strukturlarındakı mənbə də təsdiqləyib. Ölkə rəhbərliyi prezident sarayının atəşə tutulmasında Haşid tayfa ittifaqını günahlandırır. Bu tayfanın silahlıları may ayının sonlarından bəri hökumət qüvvələri ilə döyüşlər aparır. Lakin tayfa bu ittihamı qəbul etməyib.