Oxucu sual verir: Bir şəxsi, məsələn, uşağı çox istədiyindən ona “sənə qurban olum” söyləmək günahdırmı?
Bu cür ifadələr insanın başqasına olan sevgisini və ehtiramını ifadə edir. Xüsusilə, körpə uşağı əzizləyərkən bu cür sözlərdən çox istifadə edirlər. Təəssüf ki, bəzi radikal düşüncəli dindarlar bu sözləri şirkin əlaməti sayıb deyirlər ki, yalnız “Allaha qurban olum” söyləmək olar və guya başqa insana bu sözü demək küfrdür. Halbuki, sözlərin zahiri mənasına bu qədər vəsvəsə ilə yanaşmaq yanlış hərəkətdir. Uşağa və ya hətta böyük adama “qurban olum” deyənlərin heç biri şirk niyyəti eləmir və özünü qurban kəsmək fikrində də deyil. Bu, sadəcə məhəbbətin ifadə vasitəsidir. Ona görə də bu və buna bənzər sözlərin zahiri mənasına aludə olmaq lazım deyil.