Qeydiyyatsız fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə və Mövsüm Səmədovun qaynı Firdovsi Məmmədrzayev barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
M. Səmədovun vəkili Anar Qasımov APA-ya deyib ki, ittiham aktı ilə yaxın günlərdə tanış olacaqlar. Bundan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, ittiham olunan şəxslər yanvarın 7-də inzibati qaydada saxlanılıblar. Sonradan isə onlar Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən terrora hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrora hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunublar.