Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahının Təminat və Təchizat İdarəsinin rəisi general Xəlifə Məhəmməd Səni Ər-Rumeysinin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin (MSN) dəvəti ilə Azərbaycana gəlib.
Bu barədə APA-ya MSN-in mətbuat xidmətindən məlumat verilib.
Səfər mayın əvvəlində Türkiyədə keçirilən İDEF-2011 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi zamanı əldə olunmuş razılığa əsasən həyata keçirilir.
Səfərdə məqsəd BƏƏ Silahlı Qüvvələri Baş Qərargahı ilə MSN arasında əməkdaşlıq yollarının araşdırılması və inkişaf etdirilməsidir.
Nümayəndə heyəti səfər çərçivəsində MSN-in "İqlim" Elmi İstehsalat Müəssisəsi, Elektron Hesablayıcı Maşınlar, "Radioquraşdırma", "Telemexanika" zavodları ilə tanış olub və istehsal prosesini izləyib. Səfər proqramının sonunda nümayəndə heyətinin Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi ilə görüşü nəzərdə tutulur.