Azərbaycanın İordaniyadakı səfirliyi 28 May – Respublika Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Əmmanda rəsmi qəbul təşkil edib.
Səfirlikdən APA-ya verilən məlumata görə, tədbirdə İordaniyanın rəsmi və işgüzar dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik missiyaların, Azərbaycan icmasının, yerli KİV-lərin və İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, Qafqaz xalqları icmalarının (çeçenlər və çərkəzlər) nüfuzlu üzvləri, tanınmış ziyalılar (təxminən 300 qonaq) iştirak edib.
Qəbul zamanı hər iki dövlətin himnləri səsləndirildikdən sonra səfir Elman Araslı çıxış edərək Azərbaycanın tarixi keçmişinə nəzər salıb və müstəqillik dövrünün reallıqları haqda danışıb.
Mərasim boyu Azərbaycanın xalq, klassik və estrada musiqisi səsləndirilib. Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi inkişafı, habelə Ermənistanın hərbi təcavüzü və onun nəticələri haqqında kitab və bukletlər qonaqlar arasında paylanıb.
Rəsmi qəbuldan bir gün öncə əlamətdar tarixlərlə əlaqədar olaraq səfirlikdə keçirilmiş mətbuat konfransı haqqında məlumatlar və fotoşəkillər ziyafət verilən gün İordaniya mətbuatında dərc olunub. Eyni zamanda ayın 21-də və 23-də İordaniyanın Mərkəzi Televiziya kanalı ilə Azərbaycan haqqında İordaniyada çəkilmiş film də nümayiş etdirilib.